Azərbaycanda inflyasiya tempi azalmaqdadır - Baş nazir

14:39 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Azərbaycanda müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Baş nazir Əli Əsədov bildirib.

“Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərib. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9.4% olub, illik inflyasiya 2.6% təşkil edib”, – deyə o qeyd edib.

“Eyni zamanda Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup inflyasiya proseslərinin, onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görür. Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək”, – deyə hökumət başçısı əlavə edib.

Bütün xəbərlər