Bakıda daha bir sərgi - İlk dəfə keçiriləcək

15:14 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Sabah Bakı İdman Sarayında Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” öz işinə başlayacaq.

ABC.AZ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə 100-ə yaxın yerli şirkət tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunacaq. Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən şirkətlərin məhsulları qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları kimi sahələri əhatə edəcək.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Dekabrın 9-dək davam edəcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər keçiriləcək. Sərgidə ziyarətçi qismində iştirak etmək ödənişsizdir. Ziyarətçilər sərgidən əvvəl marsolexpo.az saytında və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər