AMB-dən “Fitch Solutions”un manatın məzənnəsinin dollar qarşısında enəcəyi proqnozuna MÜNASİBƏT

15:47 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl “Fitch Solutions” Azərbaycan manatı ilə bağlı proqnoz verərək 2027-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 manat 75 qəpik, 2028-ci ildən isə 1 manat 80 qəpik səviyyəsinə enəcəyini bildirmişdi. Təbii ki, bu həm analitiklər, həm də iqtisadçılar tərəfindən birmənalı qarşılanmadı, hətta sözügedən proqnozun reallıqdan uzaq olduğu bildirildi. Proqnozu şərh edən bəzi iqtisadçılar hazırda Azərbaycan hökumətinin ciddi şəkildə manatın məzənnə stabilliyinin qorunub saxlanılmasına çalışdığını vurğuladılar.

“Fitch Solutions”un sözügedən proqnozu ilə bağlı Azərbaycan Mərkəzi Bankının da mövqeyini öyrənmək üçün aidiyyəti üzrə sorğu göndərdik.

AMB-dən ABC.AZ-ın sorğusuna cavab olaraq bildirildi ki, hər bir təşkilat malik olduğu proqnozlaşdırma modelləri əsasında proqnozlar verir və bu proqnozları özü daha dolğun şərh edə bilər.

"Ölkədəki mövcud makroiqtisadi meyillər barədə isə bildiririk ki, valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələməkdədir. Bunun əsas səbəbi tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitin olmasıdır. Mərkəzi Bankın proqnozları ortamüddətli dövrdə də beynəlxalq konyunkturun əlverişli olaraq qalması və ölkənin qeyri-neft-qaz ixrac potensialının reallaşmasını göstərir. Bu da tədiyə balansının profisitli olacağı və valyuta bazarında müsbət meyillərin davam edəcəyi gözləntisini dəstəkləyir" - deyə, AMB-nin şərhində deyilir. 

Müəllif: Elmir Murad