Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları artıb

15:49 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsində kəskin artım müşahidə olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Məlumata görə, sədr bu gün “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmiryolu sahəsində həyata keçirilən yeniliklər müzakirə olunub.

R.Rüstəmov ölkəmizin genişlənməkdə olan nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmiryolu nəqliyyatı ilə yük daşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. O qeyd edib ki, bu il Çinlə idxal daşımalarda ötən ilin eyni analoji dövrü ilə müqayisədə 549%, ixrac daşımalarda isə 331% artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47% artıb.