Sercio Mattarella: İtaliya şirkətlərinin Azərbaycanın neft sənayesinə yatırdıqları sərmayə 5 milyard avrodan çoxdur

17:14 - 19.07.2018


19 iyul, Fineko/abc.az. Son 10 il ərzində İtaliya şirkətləri Azərbaycanın neft sənayesində 5 milyard avrodan artıq layihələr həyata keçirdilər. Bu barədə İtaliya prezidenti Sercio Mattarella Azərbaycan-İtaliya biznes forumunda deyib.

İtaliya prezidenti vurğuladı ki, İtaliya qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır və Azərbaycana iqtisadiyyatın diversifikasiyasına kömək etməyə hazırdır.

Onun sözlərinə görə, İtaliya şirkətləri ətraf mühitin mühafizəsi, aqrobiznesin inkişafı, emal sənayesi, nəqliyyat, logistika, tikinti kimi sahələrin inkişafına öz tövhəsini verə bilər.

“Biz İtaliyanın təcrübəsinə əsaslanan bu sahələrdə təklifləri dəstəkləməyə hazırıq”, - deyə vurğulayıb.

Sercio Mattarella qeyd edib ki, Azərbaycan nəqliyyat və logistikanın inkişafı üçün əlverişli və strateji coğrafi yer tutur.

“Azərbaycan bu fürsətdən uzun müddət istifadə etməlidir. Biz dünən iki ölkənin dəmir yolu strukturları arasında marşrutların inkişafı, vaqonların tikintisi və digər istiqamətləri nəzərdə tutan əməkdaşlıq haqqında memorandum imzaladıq. Nəqliyyat infrastrukturunun yaradılması sahəsində də əməkdaşlıq etmək imkanı var”, - deyə Sercio Mattharrella bildirib.