11:41 - 22.12.2023
Azərbaycanda sığorta sektorunun ümumi vəziyyəti, daşınmaz əmlakın sığortası ilə bağlı insanların maarifləndirilməsi, bölgələrdə sığortanın hansı səviyyədə olması ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevlə söhbət etmişik. ASA rəsmisi maraqlı məqamlara toxunub, mövcud vəziyyət və planlarla bağlı bəzi məsələlərlə bağlı ABC.AZ-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Bildiyimiz kimi, ötən ay Dərnəgüldə taxta bazarı kimi tanınan ərazidə böyük yanğından sonra məlum oldu ki, bazarda əksər sahibkarlar mallarını sığortalamayıb. Bu hal illərdir mövcuddur və illərdir də problem olaraq qalır. ASA olaraq sözügedən məsələ ilə bağlı hansı maarifləndirmə işləri aparılır?
- Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında baş vermiş yanğın hadisəsi sığortanın əhəmiyyətini bir daha sübut etdi. Operativ olaraq əldə etdiyimiz məlumata görə, çox təəssüf ki, yanğın nəticəsində zərər görmüş əmlakların heç biri sığortalı deyildi. Bu kimi hallarla bir neçə dəfə qarşılaşmışıq. Bunun da bir qism səbəbləri var. Səbəblər ondan ibarətdir ki, müvafiq daşınmaz əmlak təhlükəsizlik qaydalarına cavab vermirsə və ya daşınar əmlakların sənədləri qaydasında deyilsə, yəni qaimə və ya gömrük bəyannamələri yoxdursa sığorta qaydalarına görə, müvafiq əmlakların sığortalanması qeyri-mümkündür və əmlak sahibi sığortalanmaq üçün mütləq şəkildə müvafiq tədbirləri görməlidir.
ASA olaraq bu istiqamətdə çağırışlar, xəbərdarlıqlar və maarifləndirici məlumatlarla sahibkarları mütəmadi olaraq bilgiləndiririk. Yenidən bildirmək istəyirik ki, yanğın, subasma və ya digər bu kimi bədbəxt hadisələrlə üzləşən sahibkarlar baş verən hadisələrdən nəticə çıxarmalı və tələb olunan qaydalara riayət edərək sığortalanmalıdırlar. Çünki sığorta onların sahibkarlıq fəaliyyətinin və davamlı uğurlarının başlıca qarantıdır.
- Məlum olduğu kimi, ölkədəki sığorta şirkətlərinə əhali arasında hələ də tam güvən yoxdu. Bu problemin aradan qaldırılması üçün hansı işlər görülür?
- Vətəndaşlarımızda sığorta xidmətlərinə maraq və inam tədricən və mərhələli şəkildə formalaşır ki, bu da çox normal haldır. Çünki respublikamız da, sığorta bazarımız da hələ gəncdir. Bu proses zaman, əzm və davamlı inkişafla paralel, həm də maarifləndirmə və bilgiləndirmə tələb edir.
Qeyd etmək istəyirik ki, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Müvafiq memorandum çərçivəsində artıq 2021-ci ildən etibarən 3 ildir ki, ölkədə 3 mərhələdən ibarət ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi layihəsi həyata keçirilir. Hər mərhələsi ayrıca bir istiqamətə həsr olunmuş layihədə başlıca tematik bölümlər “Risk fərqindəliyinin formalaşdırılması”, “Sığorta növləri və məhsulları üzrə bilgiləndirmə” və “Sığortalının hüquq və vəzifələri”ndən ibarət oldu. 2021-ci ilə aid “Risk fərqindəliyinin formalaşdırılması” mövzusuna həsr olunmuş ilk mərhələdə vətəndaşlarımıza daim dəyişən, yenilənən və hər zaman aktual olan risklər və o risklərin idarə edilməsi haqqında silsilə maarifləndirici məlumatlar verildi. 2022-ci ilə aid olan “Sığorta növləri və məhsulları üzrə bilgiləndirmə” mərhələsində, adından da bəlli olduğu kimi, vətəndaşlar ayrı-ayrı sığorta növləri və məhsulları haqqında məlumatlandırıldılar. 2023-cü ilə təsadüf edən son mərhələhədə isə ölkə əhalisi sığortalı hüquqları və vəzifələri haqqında məlumatlarla bilgiləndirildi.
2023-cü ildə maarifləndirməsi layihəsinin 3 illik mərhələsi yekunlaşsa da bu maarifləndirmə tədbirləri növbəti ildən yenə eyni sürətlə davam etdiriləcək. Çünki maarifləndirmədə davamlılıq təmin olunduğu halda dayanıqlı böyümə və inkişaf əldə oluna bilər.
- Xarici sığorta şitrrkətlərinin Azərbaycana gəlmə ehtimalı nə qədərdir və ya niyə xarici şirkətlər Azərbaycanın sığorta bazarına investisiya qoymur?
- 2007-ci il tarixli “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, xarici sığortaçıların Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.
- Bir müddət əvvəl daşınmaz əmlakın sığortası icbari formata salındı, Sözügedən tətbiqetmədən sonra daşınmaz əmlakın sığortalanması ASA olaraq sizi qane edirmi və ümumiyyətlə əhalinin daşınmaz əmlakın sığortaya marağı yaranıbmı?
Qeyd etmək istəyirik ki, daşınmaz əmlak sığortasının icbariliyi bir müddət əvvəldən yox, 2011-ci ildən, yəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxtdan etibarən tətbiq olunur. Bir müddət əvvəl baş verən yenilik isə ondan ibarətdir ki, 2023-cü ilin 1 iyun tarixindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı, habelə “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçdi. Bununla da daşınmaz əmlak sığortalarında elektron nəzarət mexanizmi formalaşdırıldı.
Mövcud yenilik təbii ki, daşınmaz əmlak sığortası bazarına, xüsusilə də “Daşınmaz əmlakın icbari sığortası” növünə müsbət təsir etdi və bu növə olan maraq artmağa başladı. Bunu son açıqlanmış statistik rəqəmlərdən də görə bilirik. Belə ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış yanvar-oktyabr aylarını əhatə edən sığorta icmalına görə, hesabat dövrü ərzində “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yığımlar ötən ilin analoji dövrü ilə müqayisədə 23 milyon manat artaraq 68.6 milyon manat təşkil edib. Daşınmaz əmlak sığortası bazarının potensialı böyükdür, məhz bu reallığa əsaslanaraq hesab edirik ki, yaxın müddətdə bu sığorta növü üzrə penetrasiya 2-3 dəfə arta bilər.
- Hərdən elə təəssürat yaranır ki, ölkənin bütün sığorta bazarı yalnız Bakıdan ibarətdir. Bölgələrdə sığortala sektoru hansı vəziyyətdədir?
- Hər bir sahədə, sektor və seqmentdə olduğu kimi sığorta sektoru üçün də paytaxt Bakı ilə yanaşı regionlar da yüksək əhəmiyyət daşıyır. Məhz bu məqamı əsas götürərək Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığortası Bürosu ölkədə fəaliyyət göstərən sığorta şirkətləri ilə birlikdə dünyada ilk “Sığorta Festivalı”nı Azərbaycanda təşkil etdi. Festival paytaxt Bakı da daxil olmaqla respublikamızın 10 ən böyük şəhərində (Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmyıllı, Gədəbəy, Zaqatala, Şəki, Mingəçevir, Gəncə) təşkil olundu. Festival region əhalisi tərəfindən yüksək maraqla qarşılandı və 75 min nəfərdən çox vətəndaşın iştirakı qeydə alındı. Festival çərçivəsində region əhalisinə sığorta ilə bağlı maarifləndirici məlumatlar verildi, yerində sığortalanmaq imkanları yaradıldı. Bu kimi festivalı 2024-cü ildə də təşkil etməyi planlaşdırırıq.
Müəllif: Elmir Murad
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024