Mərkəzi Bank sığorta şirkətlərinə qarşı yeni tələblər irəli sürəcək - Gələn aydan

15:36 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) gələn aydan sığorta və investisiya şirkətlərinə qarşı korporativ idarəetmə tələbləri irəli sürəcək.

ABC.AZ xəbər verir ki, bunu Baş Bankir Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin tələblərdən biri maliyyə institutunun strategiyasının olmasıdır. Biz tənzimləyici olaraq hər bir maliyyə institutundan azı 3 illik strategiyası istəyirik. Bu sırf sənəd deyil ki, onlar təqdim etsin, biz qeydiyyata alaq ki, veriblər.

Sədrin sözlərinə görə, rəhbərlik etdiyi qurum hansısa maliyyə institutunun bağlanmasını planlaşdırmır: “Maliyyə sektoru kifayət qədər dayanıqlıdır. Burada yalnız kiçik təşkilatların birləşməsi və yaxud könüllü ləğvi ola bilər. Birləşmə zamanı AMB onlardan strategiyanı soruşur. Hazırda banklarda birləşmə ilə bağlı məsələ yoxdur. Bu, daha çox sığorta şirkətlərinə aiddir. Onların bəzilərində könüllü birləşmə və yaxud ləğvetmə ilə bağlı müzakirələr ola bilsin ki, gedir. Çünki biz onlardan strategiya tələb edirik. Amma dayanıqlıq baxımından, biz nə bank sektorunda, nə də sığorta sektorunda problemli təşkilat görmürük. İnvestisiya şirkətləri çox balaca olsa da, onlarda da elə bir problem yoxdur”.