Aromaterapiyanın müalicəvi təsirləri

16:40 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Aromatik bitki ekstraktları hələ qədim Yunanıstan, Babilistan, Çin, Ərəbistan, Hindistanda müalicəvi, kosmetik və digər məqsədlərlə geniş istifadə edilirdi. Qədim Misirlilər bitki məhlullarından məkanların dezinfeksiyası, kilsələrdə ayinlər zamanı geniş istifadə edirdilər. Yunanlar misirlilərdən bitki ekstraktlarının alınma texnikasına yiyələnərək daha da təkmilləşdirmişlər və efir yağlarının sakitləşdirici, uyuşdurucu, gümrahlaşdırıcı, fərahladıcı təsirlərini aşkar etmişlər.

Aromaterapiya terminini ilk dəfə fransız kimyaçısı Qatteforse 1928-ci ildə elmə gətirmişdir. O, efir yağlarının antiseptik, virusəleyhinə, yara sağaldıcı təsirinlərini öyrənmişdir.

Müasir dövrümüzdə aromaterapiya demək olar ki, tibbin bütün sahələrində istifadə edilir.

Mütəxəssislər müəyyən etmişlər ki, efir yağları ilə nəfəs aldıqda qoxu reseptorları qıcıqlanması nəticəsində hansı efir yağı olmasından asılı olaraq rahatlama, sakitləşmə və ya əksinə gümrahlıq, əhval-ruhiyyənin yüksəlməsi baş verir. Yerli istifadə zamanı tez bir zamanda dəri və selikli qişalardan sorularaq güclü müalicəvi təsir göstərir. Aromatik yağlarla masaj iltihabəleyhinə və ağrıkəsici təsir göstərir, əzələləri boşaldır, selülitin qarşısını alır, dəri elastikliyini və tonusunu artırır, sakitləşdirici təsir göstərir.  Efir yağları ilə vannalar həm sakitləşdirici, həm də kosmetoloji məqsədlərlə istifadə edilə bilər.

Efir yağlarının təsirlərindən əsasən aşağıdakı məqsədlərlə istifadə edilir. 

Rahatlamaq üçün. Yorucu iş günündən sonra sinir sisteminiz oyanıqdırsa və sakitləşməyə çətinlik çəkirsinizsə akasiya, İlanq-ilanq, sidr, qızılgül, sadə air, sərv ağacının efir yağlarından yaralana bilərsiniz.

İş qabiliyyətini artırmaq üçün. Nanə, darçın, rozmarin, zəncəfil, limon, ardıc, palmaroza efir yağları energetik təsir göstərir, diqqət cəmləmək və əqli iş üçün böyük əhəmiyyət kəsb edirlər.

Antibakterial təsir üçün. Evkalipt, limon və çay ağacının efir yağlarının iltihabi və infeksion xəstəliklərdən sonra bərpa dövründə istifadəsi məqsədə uyğundur.

Yuxu problemləri zamanı. Yuxuya getməkdə çətinlik çəkən şəxslərə rahatladıcı efir yağları ilə yanaşı lavanda, çobanyastığı, adaçayı, muskat efir yağları kömək edə bilər.

Stresslə mübarizə üçün. Orqanizmin stressə davamlılığını artırmaq, səbəbsiz narahatlığın qarşısını almaq, depressiya zamanı şüyüd, səndəl ağacı, şam, kəklikotu, gül ağacı, portağal, cirə, bergamot, sidr, sərv, büxur efir yağlarından yararlana bilərsiniz.

Kosmetik məqsədlərlə. Avokado, araxis, arqan, kokos, gənəgərçək, zeytun, palma, şi və s yağlar isə kosmetologiyada həm dəri, həm də saçların gözəlliyi üçün geniş istifadə edilir.

 

Bütün xəbərlər