Banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi qaydası təsdiqlənib

10:49 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov yeni qərar imzalayıb.

ABC.AZ xəbər verir ki, qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq.

Banklar investisiya xidmətlərini bu məqsədlə yaradılmış bölmə vasitəsilə həyata keçirilməli, bu xidmətləri göstərən bank əməkdaşları ixtisas şəhadətnaməsinə, rəhbər şəxs isə investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı, kredit təşkilatları isə müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.

Anderrayter qiymətli kağızlar yerləşdirərkən mövcud və yaxud mümkün risklər barədə təhlil aparılmalı və investorlara yazılı məlumat verilməlidir.

Bundan başqa, həm investisiya şirkətləri, həm də banklar müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim edəcək.

Bütün xəbərlər