Azərbaycanda ilk dəfə hidropon üsulu ilə çiyələk yetişdirilib

14:15 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Bu il ilk dəfə olaraq Cəlilabad rayonunda ixracda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsul istehsalı üçün çiyələk bağında tam avtomatlaşdırlımış sistem vasitəsilə məhsul yetişdirilib. Ənənəvi sahələrdən fərqli olaraq burada çiyələk torpaqda deyil, hidropon üsulu ilə xüsusi qablarda becərilir.

ABC.AZ xəbər verir ki, bağda rəqabətədavamlı məhsul yetişdirmək üçün yeni texnologiyalardan istifadə edilir. Burada istehsal olunan çiyələyin ixracı da gözlənilir.

“Dünya bazarlarına daha keyfiyyətli və orqanik məhsul çıxarmaq üçün bu il ilk dəfə təsərrüfatımıza Şri-Lankadan gətirilmiş xüsusi qablarda çiyələk yetişdirilməsinə başladıq. Bu üsulla məhsulu həm keyfiyyətli, həm də təmiz və toz–torpaqsız əldə etmək mümkün oldu. Həmçinin məhsulun tez yetişib satışa çıxarılması üçün də bu üsul xüsusi əhəmiyyətə malikdir. Burada suvarma, istiliyin nizamlanması kompüterləşdirilmiş sistem vasitəsilə həyata keçirilir. Buna torpaqsız əkinçilik deyilir. Nəticədən çox razıyıq. Torpaqdakı əkindən fərqli olaraq burada dəniz yosunlarından və gübrələrdən istifadə edilir”, – deyə təsərrüfatın aqronomu İlkin Şəfəqqətov bildirir.