Şirkət və təşkilatların 2023-cü ildə büdcəyə mənfəət vergisi ödənişləri azalıb

10:27 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Azərbaycanda hüquqi şəxslərin gəlir (mənfəət) vergisi üzrə dövlət büdcəsinə ödənişləri 2023-cü ildə azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər 2023-cü ildə büdcəyə 8 mlrd. 24.29 mln. manat mənfəət vergisi ödəyiblər ki, bu da 2022-ci ildən 6 faiz aşağı göstəricidir. 2022-ci ildə şirkətlər büdcəyə 8 mlrd. 522.5 mln. manatlıq ödəniş həyata keçirmişdilər.

Qeyd edək ki, bu mənfəətin yalnız 308.2 mln. manatı Azərbaycan bankları tərəfindən həyata keçirilib.

Fiziki şəxslər gəlir vergisindən 1 mlrd. 659.64 mln. manat ödəməklə 2022-ci ili 13 faiz üstələyib.