“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası” təsdiqlənib

15:19 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”nı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Eyni zamanda, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank fəaliyyətinin yoxlanılması Qaydaları”, “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”, “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası” və Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası” ləğv ediləcək.

Qərara əsasən, yoxlama qrupunun rəhbəri bildiriş təqdim edildikdən sonra zəruri olan sənədlərin hazırlanması məqsədilə nəzarət subyektinin icra orqanının rəhbəri ilə əlaqə yaratmalıdır. Yoxlama barədə qərar icra orqanının rəhbərinə və ya səlahiyyətli vəzifəli şəxsinə təqdim etməlidir. Yoxlamalar iş günü və nəzarət subyektinin iş vaxtı ərzində onun fəaliyyətinə mane olmamaqla həyata keçirilməlidir.

Bundan başqa, hər bir yoxlamanın nəticələri yazılı şəkildə hesabatla rəsmiləşdirilməlidir və hesabatın məzmunu oxunaqlı və aydın olmalıdır. Hesabata təsdiqini tapmamış müxtəlif məlumatların daxil edilməsinə yol verilmir.