2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyası istismara veriləcək

15:20 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyası istismara veriləcək.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata əsasən, bunu Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə bildirib.

Görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbaycanın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC), “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatları məsələləri müzakirə edilib.