Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

11:10 - 27.07.2018


27 iyul, Fineko/abc.az. İyulun 26-da Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, rus dili, fransız dili və musiqi üzrə imtahanlarda 2999 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə 59 bal, fransız dili üzrə 58 bal, Azərbaycan dili üzrə 57 bal, rus dili üzrə 56 bal, rus dili və ədəbiyyatı və musiqi üzrə isə 51 bal qeydə alınıb. 

Bu gün keçiriləcək tarix və kimya üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

 

 

Bütün xəbərlər