Bu məhsullar bahalaşıb - Hesabat

17:13 - 23.02.2024


23 fevral, Fineko/abc.az. 2024-cü ildə inşaat materialları bazarında qiymət dəyişikliklərini səciyyələndirsək, 2023-cü ilə nisbətdə qiymətlərdə azalmalar baş verib.

ABC.AZ xəbər verir ki, "Vecon Consulting” qiymətləndirmə şirkəti inşaat materialları bazarının ötən ilə nisbətən təhlilini paylaşıb.

Məsələn, ötən ilin yanvar ayına nisbətdə taxta materialları 12,1-13,2 faiz nisbətən ucuzlaşıb. İl ərzində isə bu rəqəm 12,65 faiz təşkil edib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşması tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə xarakterikdir. Öncəki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının idxal olunmasına maneələrin aradan qalxması, eyni zamanda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas faktorlarındandır.

Ötən ilin yanvar ayına nisbətdə əsas tikinti materiallarından olan armaturun qiymətində 2,4 faiz bahalaşma baş versə də, ilin əvvəlində qiymət sabiq qalıb. Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin yanvar ayına nisbətən 14,8-16 faiz ucuzlaşma baş verib. İlin əvvəli üçün bu rəqəm ölçülər üzrə fərqlənib. Belə ki, 15-lik dikt 2,6 faiz ucuzlaşsa da, 18-lik dikt  2,2 faiz bahalaşıb.