Xocalıda arxeoloji park yaradılacaq

11:18 - 26.02.2024


26 fevral, Fineko/abc.az. Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı – I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir.

ABC.AZ xəbər verir ki, əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir.

Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq.

Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq.

Bütün xəbərlər