Azərbaycanda ilk dəfə olaraq bu bankın ləğvetməsi yekunlaşdırılıb

10:45 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq ləğv prosesində olan bankın ləğvetməsi yekunlaşdırılıb.

Belə ki, 1992-ci ilin dekabr ayından etibarən bank fəaliyyətini həyata keçirmiş “Borçalı” KB-nin fəaliyyəti 31.01.2005-ci il tarixdə dayandırılmış və məcburi ləğv prosesi başlanılmışdı.

ABC.AZ-ın məlumatına görə, ​həmin vaxtdan 2017-ci ilədək ləğvetmə ilə “RR and VAM” Beynəlxalq auditor firması, daha sonra isə “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC məşğul olub.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş “Borçalı” KB-yə təyin edilmiş “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.