Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini bu qədər artıracaq

14:15 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yerli və xarici şirkətlərin iştirakı ilə irimiqyaslı infrastruktur layihələrinin icrası davam edir: “Biz Qarabağda avtomobil və dəmir yollarının yenidən qurulmasına, regionun tarixi əlaqəsinin bərpasına sərmayə qoyuruq. Digər prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat kommunikasiyasının yaradılmasıdır. Bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsi olacaq”.

R.Hümmətov qeyd edib ki, texniki nöqteyi-nəzərdən Zəngəzur dəhlizi daşıma müddətini də əhəmiyyətli dərəcədə azaldacaq: “Bunun sayəsində illik tranzit imkanlarında artım olacaq. Biz birlikdə Orta Dəhlizin bütün potensialını reallaşdırmağa, ticari əlaqənin həyati arteriyası kimi onun davamlı uğurunu təmin etməyə sadiqik”.

“Son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün qeyd edim ki, əvvəllər bu, təxminən 40-50 gün çəkirdi”, – deyə nazir müavini vurğulayıb.

Bütün xəbərlər