Bankların aktivlərinin həcmi nə qədər olub?

15:16 - 27.02.2024


27 fevral, Fineko/abc.az. Azərbaycanda bankların cəmi aktivləri 1 fevral 2024-cü il tarixinə 49 mlrd. 296.8 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 144.4 mln. manat, balans kapitalı 6 mlrd. 152.4 mln. manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.2%, 0.1% və 1.5% artıb.

Mərkəzi Bankdan bildirilib ki, ötən ayda bankların kredit portfeli 1.7% və ya 383.4 mln. manat artaraq 23 mlrd. 566.4 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.8% (12,912.9 mln. manat);

ıı) istehlak kreditləri – 29.7% (7,008 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.5% (3,645.5 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 mln. manat (+2.3%), 71 mln. manat (+1%) və 16.3 mln. manat (+0.4%) artmışdır.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 34,995.4 mln. manat.

Depozit portfelinin 63.3%-i (22,164.2 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (12,831.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Bütün xəbərlər