Vəzifəli şəxs həbs edildi - Korrupsiyaya qarşı Mübarizə İdarəsindən əməliyyat

14:22 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

ABC.AZ xəbər verir ki, istintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər