330x110
 

Respublika çaylarında suyun səviyyəsi azalıb

27.07.2018,18:35


27 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

İyulun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetr olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 77 kubmetr təşkil etməklə ongünlük normanın 50 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetr olmaqla ongünlük normanın 149 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 26,5 kubmetr təşkil edərək ongünlük normanın 30 faizinə bərabər olub.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvan və Salyanda 2 santimetr azalma qeydə alınıb, lakin Bankədə 5, Araz çayının Novruzlu məntəqələrində isə 2 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 (2017-ci il iyulun 27-də 348 sm), Şirvanda 169 (2017-ci il iyulun 27-də 197 sm), Salyanda 83 (2017-ci il iyulun 27-də 112 sm), Bankədə 177 (2017-ci il iyulun 27-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 santimetrə (2017-ci il iyulun 27-də 53 sm) bərabərdir.