Azərbaycan IFC ilə su təsərrüfatı sektorunda əməkdaşlığı müzakirə edib

17:25 - 1.03.2024


1 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

 Bu barədə ABC.AZ  Agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə su infrastrukturunda həyata keçirilən layihələr barədə məlumat verib. Agentliyin sədri bildirib ki, meliorasiya və irruiqasiya, içməli su təchizatı və kanalizasiya layihələrinin bir qismi beynəlxalq maliyyə təşkilatlarının maliyyə dəstəyilə həyata keçirilib. Bu sahədə uzunmüddətli və zəngin təcrübə gələcək əməkdaşlıq üçün böyük perspektivlər yaradır. Hazırda iqlim dəyişiklikləri ilə əlaqədar su ehtiyatlarından səmərəli istifadənin aktual olduğu bir dövrdə yeni layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq xüsusi önəm daşıyır.

IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsində infrastruktur, enerji və mədənçilik üzrə regional direktoru xanım Çeril Edelson Hanvey bildirib ki, təmsil etdiyi təşkilat inkişaf etməkdə olan ölkələrdə özəl sektorun inkişafı və investisiyalar sahəsində mühüm layihələrin maliyyələşdirilməsinə dəstək göstərir. Hazırda dövlət-özəl tərəfdaşlıq platformasının prioritet istiqamətlərdən biri olduğunu xatırladan qonaq bu modelin tətbiqinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə IFC-nin ölkədə və regionda fəaliyyəti ilə bağlı məlumat verilib və potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, su təsərrüfatı sektorunda gələcək əməkdaşlıq qarşılıqlı əlaqələrə töhfə verəcək.

Bütün xəbərlər