Qəbələdəki mehmanxanalarda 1 günlük qiymət 109 manat olub

14:46 - 12.03.2024


12 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 10 min 472 nəfər yerli və əcnəbi turist yerləşdirilib.

Qəbələ Rayon Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin yanvar-fevral aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, iki ayda bu ölkənin 1288 vətəndaşı Qəbələdə olub.

Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 889, Birləşmiş Ərəb Əmirliklərindən 797, Küveytdən 431, Rusiyadan 220, Pakistandan 217, Omandan 146, Bəhreyndən 131, Qətərdən 106, Türkiyədən isə 48 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də müəyyən sayda əcnəbi turist gəlib.

İki ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 109 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Müddət ərzində turizm obyektlərində 892 işçi çalışıb.