SYSLAB təlim kurslarını bitirən daha 59 gəncdən 45 nəfəri işlə təmin edilib

15:59 - 30.07.2018


Gəncə şəhərində və Masallı rayonunda fəaliyyət göstərən SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzlərində kursu bitirən daha 59 gəncdən 45 nəfəri işlə təmin edilib.

BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran ali təhsilli gənclərə SYSLAB metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsini nəzərdə tutur.

Layihə çərçivəsində bir müddət öncə Bakı, Sumqayıt şəhərlərində də SYSLAB təlim mərkəzləri fəaliyyət göstərib, sonrakı mərhələdə isə Gəncə şəhərində və Masallı rayonunda belə mərkəzlər yaradılıb. Ötən müddətdə bu mərkəzlərdə ümumilikdə 700-dən çox gənc sahibkarlıq, sistemli biznes, ofis işi, şəxslərarası şəbəkələrin və işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdim etmə, işə qəbul üçün müsahibəyə hazırlanma və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlara yiyələniblər.

Onlardan artıq  600-dən çoxu və ya 86 faizə qədəri  kurslarda qazandıqları bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunub.

Hazırda Gəncə və Masallı SYSLAB təlim mərkəzlərinə növbəti qruplar üzrə iştirakçıların seçimi aparılır.

 

Bütün xəbərlər