Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 409 mindən artıq vətəndaş aylıq sosial müavinətlə təmin olunur

17:04 - 30.07.2018


Cari ilin birinci yarımilində 48,4 min nəfərə isə birdəfəlik müavinət verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 1 iyul tarixinə 409 284 nəfər aylıq sosial müavinətlə təmin olunur.

Onların sırasına əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət alanlar, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər daxildir.

Cari ilin 6 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı isə 48 391 nəfər təşkil edib. Birdəfəlik müavinətlər uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilir. Dəfn xərci olaraq da birdəfəlik müavinət verilir. Eləcə də, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

 

Bütün xəbərlər