Azərbaycanda tikinti materiallarının istehsalı iki ayda azalıb, ya artıb?

12:30 - 18.03.2024


18 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 173,9 milyon manat ($102,2 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur. 

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Hesabat dövründə respublikada 546,7 min ton sement (artım 29,8%), 6,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (artım 50%), 9,1 min ton asfalt (azalma 37,7%), 84,4 min kubmetr tikinti kərpici (artım 3,7%) və 1 milyon 760,4 min kvadratmetr tikinti şüşəsi (artım 30,3%) istehsal edilib.

Bundan başqa, 551 min ton sement klinkeri (azalma 17%), 11,2 min ton tikinti gipsi (artım 23,1%), 731,6 milyon ton hazır beton qarışığı (artım 59,7%) və 3,9 min ton tikinti əhəngi (azalma 56,7%) istehsal edilib.

2023-cü ildə Azərbaycanda 1 milyard 180,3 milyon manat məbləğində (cari məzənnə ilə $694,3 milyon) tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.