Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində artım olub - Bayramov

12:21 - 19.03.2024


19 mart, Fineko/abc.az. Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunur. 

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur.

"Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb. Uzunmüddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınır. Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək, 8 faizdən 7.75 faizə endirilib. Uçot faiz dərəcəsində azalmaya rəğmən, Mərkəzi Bankın notlarının gəlirliyində artım müşahidə olunur.

Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla müqayisədə, cəmi 0.05 faiz aşağı olmasıdır. Bu qısa müddətli yerləşmələrə marağın artmasına, ortamüddətli notlara tələbin azalmasına səbəb ola bilər.

Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə, notların həcmi 33.16 milyon manat artıb", - deyə V.Bayramov bildirib.