Növbəti iş ilinin məzuniyyətini əəvldən götürməyə icazə varmı?

15:21 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 

Bəs iş ili başlanmamış növbəti iş ilinin əmək məzuniyyətindən istifadə etmək mümkündürmü?

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndi iş ili başlanmamış əmək məzuniyyətinin istifadə edilməsini qadağan edir.