Sentyabrın 5-dən MIDA Yasamal yaşayış kompleksində mənzillərin satışına başlayacaq

11:45 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi  (MIDA) 5 sentyabr 2018-ci il tarixindən etibarən Yasamal yaşayış kompleksində 5  binada mənzillərin satışını başlayıb.

MIDA-nın məlumatında deyilir ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı “Güzəştli mənzil” proqramı çərçivəsində 5 dekabr 2018-ci il tarixinə qədər davam edəcək.

“Cəmi satışa 324 mənzil çıxarılacaq. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur”, - MIDA-nın məlumatında belə deyilir.

MIDA-nın məlumatına görə, qeyd edilən binaların baş podratçısı  “NN Group” MMC inşaat-quraşdırma və tikinti işlərini sentyabrın 1-də tamamlamağı planlaşdırır.

Mənzillər, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlara satılacaq.

Mənzilləri seçmək üçün həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər.

Vətəndaşların öz vəsaitləri hesabına güzəştli mənzillərin alınması üçün birdəfəlik ödənişlər edildikdə, bir otaqlı mənzil üçün 26,932 min manat, iki otaqlı mənzil üçün 42,554 manat, iki otaqlı mənzil üçün isə 59,063 manat təşkil edəcək.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş güzəştli ipoteka krediti hesabına güzəştli mənzil əldə edildikdə, bir otaqlı mənzil 29,925 min manat, iki otaqlı mənzil 47,282 min manat, üç otaqlı mənzil 65,626 manata başa gələcək. İpoteka ilə ilkin ödənişin məbləği mənzilin ümumi dəyərinin 10%-ni təşkil edəcək.

İpoteka krediti illik 4% ilə 3 ildən 30 ilə qədər müddətə verilir.

Yasamal yaşayış kompleksinin təməli 2016-cı il dekabrın 24-də qoyulub. Kompleksin ümumi sahəsi 11.6 hektardır, 29 çoxmərtəbəli yaşayış binasından ibarətdir. Onlardan 17-ü iki bloklu və 9 mərtəbəli, 12-si isə bir bloklu və 12 mərtəbəli olacaq.

Yaşayış kompleksində evlərlə yanaşı bir sıra sosial obyektlər tikiləcəkdir. Bunlar arasında 240 nəfərlik uşaq bağçası və 960 şagirdlik orta məktəbi olacaq.

 

Bütün xəbərlər