12:09 - 6.04.2024
6 aprel, Fineko/abc.az. Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.
Qeyd edilib ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaq. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq.
21 May 2025
21 May 2025