AÇG-dəki daha bir platformadan hasilat başlandı

16:15 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Azəri Mərkəzi Şərqi (ACE) platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platformadır.

ABC.AZ xəbər verir ki, bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin operatoru kimi bu gün Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yatağının işlənməsi çərçivəsində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlandığını elan edir.

bp-nin strategiyası bü günün enerji sisteminə, yəni ACE kimi layihələrin işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.

ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində bp-nin əməliyyatçısı olduğu Şahdəniz qaz yatağında daha iki platforma istismardadır.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.