«Premium Bank» kiçilib - Aktivləri 10 milyon manat azalıb

10:33 - 17.04.2024


17 aprel, Fineko/abc.az. «Premium Bank» 2024-cü ilə növbəti kiçilmə ilə başlayıb. 

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin 1-ci rübündə bankın aktivləri daha 10 milyon manat azalaraq ilin əvvəlindəki 685 milyon manatdan 675 milyon manata enib.

Bu enmə bankın nağd vəsaitlərinin azalması ilə bağlıdır - son 3 ayda bu vəsaitlər 25 milyon manat azalaraq 207 milyon manatdan 182 milyon manata enib.

«Premium bank»un menecmenti bu pulların 10 milyonunu başqa banklarda depozit kimi yerləşdirməyə yönəldib – nəticədə bankın başqa banklardakı depozitlərinin həcmi 2 milyondan 12 milyona yüksəlib. 25 milyonun 5 milyon manatı kreditlərin artımına sərf edilib. Qalan 10 milyon manat isə öhdəliklərin azalması ilə bankdan geri çəkilib.

Yeri gəlmişkən, kredit portfeli barədə – «Premium bank»ın biznes kreditləri azalmağa başlayıb – son 3 ayda bu rəqəm 7 milyon manat aşağı düşərək 378 milyon manatda dayanıb.

Müəllif: Elmir Murad