Azərbaycanda vergi ödəyicilərinin sayı 7,5 faiz çoxalıb

11:08 - 17.04.2024


17 aprel, Fineko/abc.az. 2024-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.537.952 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb.

Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub.

Kommersiya qurumlarının sayı 179.026 vahid təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.

2024-cü ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36.134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.