Prezident görüş keçirib

12:01 - 17.04.2024


17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. 

ABC.AZ xəbər verir ki, Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin ölkəmizə keçməsi münasibətilə təbriklərini çatdıraraq, çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin təcrübəsinin olduğunu vurğuladı. O, bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilməsini və fəaliyyətini, Qoşulmama Hərəkatında uğurlu sədrliyini, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rolunu qeyd etdi.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirdi. O, ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata keçirilməsindəki mühüm rolunu da xüsusi vurğuladı.