“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir Foto

20:00 - 18.04.2024


Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək

“Azercell” böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. “Azercell”in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.

“Azercell”in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlar telekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanın rolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznes etikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar, şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıra mövzuları əhatə edəcək.

Yekun qiymətləndirmə və müsahibələr nəticəsində “Azercell” ADA Universitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçmək imkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

“Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrin inkişafına töhfə verməkdən məmnunuq. Biliklərimizi bölüşməklə və təcrübə imkanları təklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onların əmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik”, - deyə “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bildirib.

Hər il onlarla gənc “Azercell”in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.