AYİB Azərbaycan üzrə investisiya portfelini açıqlayıb

10:35 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il fevralın 29-na 937 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb.

ABC.AZ xəbər verir ki, bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 4.4% və ya 40 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 32-yə çatıb.

Qeyd olunub ki, portfelin 90%-ni (848 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (26 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0.3% azalaraq 695 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3.723 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83.3 %-i (3.101mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.