Qərbi Kaspi Universitetində mənimsəmə - Cinayət işi açıldı

16:23 - 22.04.2024


22 aprel, Fineko/abc.az Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki,  2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsilhaqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun haqda ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.