Hansı hallarda başgicəllənmə təhlükəli xəstəliklərin əlaməti ola bilər?

15:00 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Qəfil yataqdan qalxdıqda başgicəllənmə, müvazinətin pozulması kimi şikayətlər yarana bilər. Bu hal tibbdə ortostatik hipotenziya adlanır və əgər şikayətlər bir neçə saniyəyə keçirsə narahat olmağa dəyməz. Əgər başgicəllənmə qısa müddət davam edərsə yaranma səbəbi məsələn, az yemək və ya su qəbulunun yetərli olmaması ola bilər. Digər səbəblərə fiziki aktivlik, isti vurma, hamiləlik, alkoqol və yuxusuzluq  ola bilər.

Əgər şikayətlər davamlı xarakter daşıyırsa və gec aradan qalxırsa mütləq həkimə müraciət etmək lazımdır.

Hansı hallarda başgicəllənmə təhlükəli xəstəliklərin əlaməti ola bilər?

1.  Əgər şikayətlər davamlı xarakter daşıyırsa və gec aradan qalxırsa.

Baş gicəllənmə orta qulaq xəstəliyinin- vertiqo (vestibulyar baş gicəllənmə) əlaməti ola bilər. Bu xəstəlik qulaqda infeksiya və ya beyin travmaları nəticəsində yarana bilər və mütləq müalicə olunmalıdır.

2.  Başgicəllənmə qəfil meydana çıxan zəiflik, bədənin bir nahiyyəsində uyuşma, nitq və ya görmə problemlərilə müşayiət olunarsa.

Bu əlamətlər həyat üçün təhlükəli olan insultun əlaməti ola bilər. İnsult miokard infarktından sonra ölümə səbəb olan xəstəliklər arasında ikinci yeri tutur.

3.  Başgicəllənmə hər ayağa durduqda baş verirsə.

Bu əlamət susuzlaşma zamanı da yarana bilər. Ürək qan-damar xəstəlikləri, aritmiya, ürək çatışmazlığı zamanı da bu şikayətlər ola bilər.

4.  Şiddətli baş ağrısı ilə müşayiət olunursa.

Miqren, insult bu şikayətlə özünü göstərə bilər.

5.  Fiziki aktivlik zamanı daima başgicəllənmə olarsa.

Kifayət qədər maye qəbul etmədikdə və ya hiperventilyasiya başgicəllənməyə səbəb ola bilər. Əgər yetərli miqdarda maye qəbul etməyinizə baxmayaraq bu şikayət baş verirsə, ciddi ürək-damar xəstəliklərindən şübhələnmək lazımdır.

 

Bütün xəbərlər