Hazırda ölkədə yaşı 100-ü keçmiş 280 nəfər var

14:52 - 6.05.2024


6 may, Fineko/abc.az. Hazırda Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 280 nəfərdir.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

O qeyd edib ki, yaşı 100 və daha çox olan pensiyaçıların 36-sı kişi, 244-ü qadındır.

2024-cü ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara 11,9 min pensiya, 39 min müavinət və təqaüd ayrılıb.

Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. 

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. (anews.az)