Prezident Füzulidə Köndələnçay su anbarları kompleksinin açılışına qatılıb

16:24 - 10.05.2024


 

10 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. 

ABC.AZ xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

Layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir.