Keşlə bazarının rəhbəri ilə bağlı hansı tədbirlər görülüb?

16:13 - 13.05.2024


13 may, Fineko/abc.az. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Baku Food Center” MMC-yə məxsus Keşlə bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

ABC.AZ xəbər veri rki, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Belə ki, bazarda quş kəsimi məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazar daxilində fəaliyyət göstərən quş kəsimi məntəqəsində istehsalın dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.