Bakı Metropolitenində bank kartları ilə ödənişin nə vaxtdan mümkün olacağı hələ də bilinmir

16:03 - 14.05.2024


14 may, Fineko/abc.az. Bakı Metropolitenində bank kartları ilə ödəniş etmək mümkün olacaq.

ABC.AZ xəbər verir ki, bunu Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, Bakı Metropolitenində gedişhaqqının çeşidli üsullarla ödənilməsi istiqamətində davamlı olaraq tədbirlər aparılır:

“Bakı Metropolitenində “QR bilet” və “M10″ tətbiqi üzərindən ödənişlərin həyata keçirilməsi təşkil edilib. Gedişhaqqının bank kartları vasitəsi ilə ödənilməsi üçün isə tədbirlər görülür. Hətta qeyd edim ki, hazırda texniki dizayn məsələlərinin sonuncu mərhələsi yekunlaşmaq üzrədir. Bakı Metropolitenində bununla bağlı bir sıra sınaqlar təşkil edilib və bu sınaqlar uğurla başa çatıb. İşlər mərhələli şəkildə həyata keçiriləcək”.

Qeyd edək ki, Bəxtiyar Məmmədov bank kartlarına keçidin nə zaman baş verəcəyi ilə bağlı dəqiq vaxt bildirməsə də, çox qısa müddətdə olacağını bildirdi.