PASHA Yatırım Bankası A.Ş.-nin istiqrazları listinqə daxil edilib

10:19 - 15.05.2024


15 may, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PASHA Yatırım Bankası A.Ş."nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki,  15-29 may 2024-cü il tarixləri aralığında "PASHA Yatırım Bankası A.Ş"nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə isə 30 may 2024-cü il tarixində baş tutacaqdır.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 25 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6,19%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.

Yerləşdirmə üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.