Nazir: Azərbaycanda dekarbonizasiya haqqında qanun layihəsi hazırlanır

14:55 - 17.05.2024


17 may, Fineko/abc.az. Bu gün iqlim dəyişiklikləri müxtəlif ölkələrdə böyük fəsadlar yaradaraq biznesin və ümumilikdə iqtisadiyyatın inkişafının qarşısını alır.

ABC.AZ xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda deyib.

O bildirib ki, Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan zərərli qazları 40 faiz azaldacaq.

“Bununla yanaşı Azərbaycan yaşıl enerjiyə keçid üçün böyük tədbirlər həyata keçirir, sərmayələr cəlb edir. Bu gün görülən işlərin nəticəsində Azərbaycanın 2030-cu ilə kimi enerji təminatının 30 faizi yaşıl enerjidən ibarət olacaq. Azərbaycanın yaşıl enerji istehsalı ilə əlaqədar cəlb etdiyi sərmayələr nəticəsində günəş, külək, su elektrik stansiyalarının tikintisi davam edir. Ölkəmizin yaşıl enerjiyə keçidi üçün böyük potensialı var. Bu potensialdan təkcə hökumət deyil, özəl sektor, biznes strukturları da istifadə etməlidir. Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır və istehsal olunan enerjinin Avropaya ixracı da nəzərdə tutulub. Azərbaycanda hazırda dekarbonizasiya haqqında qanun layihəsi hazırlanır. Qanunda müəssisələrin tullantılarının tənzimlənməsi, yeni texnologiyalardan istifadə edərək tullantıların minimuma endirilməsi kimi məsələlər nəzərdə tutulub. Qanunun qəbulundan sonra atmosferə atılan zərərli maddələrin həcminin daha çox azalması müşahidə olunacaq”, - deyə nazir əlavə edib.