Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin "çörək pulu"su dayandrılıb

16:01 - 17.05.2024


17 may, Fineko/abc.az. Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib.

“Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb”, – məlumatda deyilir.

Bildirilib ki, eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.