Bakıda bu yolda da nəqliyyatın hərəkətinə dəyişiklik edildi

15:03 - 20.05.2024


20 may, Fineko/abc.az. Yasamal rayonunun Əbdürrəhim bəy Haqverdiyev küçəsində, Hüseyn Cavid prospekti ilə kəsişmədə əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında gözləməli olurdular. Bu da yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına səbəb olurdu.

ABC.AZ xəbər verir ki, problemi aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar.

Mərkəzdən verilən məlumata görə, həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib.

Bununla da sol zolaqdakı nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düz istiqamətə gedə biləcəklər.