Böyük Britaniya yarımkeçiricilər institutu yaratmağı planlaşdırır

20:27 - 20.05.2024


20 may, Fineko/abc.az. Böyük Britaniya hökuməti yarımkeçirici sənayenin inkişafı ilə bağlı universitetləri, özəl şirkətləri və dövləti birləşdirən institut yaratmağı planlaşdırıb.

ABC.AZ xəbər verir ki, məqsəd tədqiqatçılara və tərtibatçılara lazımi alətlər, infrastruktur və s. təmin edəcək müstəqil bir təşkilat yaratmaqdır.
İnstitut gələcəkdə sektorun xarici texnoloji və digər tərəfdaşlarla qarşılıqlı əlaqəsinin vahid nöqtəsi kimi çıxış edəcək. Həmçinin, yarımkeçirici sektor təşkilatlarının təşviqi və investisiyaların cəlb edilməsi ilə də məşğul olacaq.

İngiltərənin texnologiya və rəqəmsal iqtisadiyyat naziri Sakib Bhatti deyib: “Bu, 2030-cu ilə qədər elm və texnologiya supergücünə çevrilmək yolunda son dərəcə əhəmiyyətli bir mərhələdir”.