Müharibə başlayandan "Qazprom" zərərlə işləməyə başlayıb

10:14 - 21.05.2024


21 may, Fineko/abc.az. Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın ən böyük şirkətlərindən olan «Qazprom»un maliyyə vəziyyətini pisləşdirib.

ABC.AZ xəbər verir ki, Avropanın qaz bazarının itirilməsi nəticəsində Rusiyanın ən böyük qaz şirkəti son 25 ildə ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.

«Qazprom»un 2023-cü il üzrə hesabatına əsasən şirkət ötən ili 691 milyard rubl və ya 7,5 milyard dollar zərərlə başa vurub. Halbuki 2022-ci ildə, baxmayaraq ki, müharibə artıq başlamışdı, şirkət 13,4 milyard dollar mənfəətlə işləmişdi.

Doğrudur, bu müddət ərzində «Qazprom» Avropa bazarından məhrum olsa da, Çinə qaz satışını 37% artırıb, eləcə də ölkə daxilində 1,4 dəfə daha artıq qaz satıb, amma bu ona zərərdən çıxmağa kömək etməyib.