COP29-la əlaqədar vergi və ƏDV güzəştləri tətbiq ediləcək

15:01 - 21.05.2024


21 may, Fineko/abc.az. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, əldə edilən gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad olunur.