Ötən il dövlət büdcəsinin ən çox hissəsi dekabrda xərclənib

14:34 - 23.05.2024


23 may, Fineko/abc.az. 2023-cü ildə dövlət büdcəsi xərcləri 6 ay proqnozdan artıq, 6 ay isə proqnozdan az icra olunub.

ABC.AZ xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, proqnozla müqayisədə ən yüksək icra səviyyəsi 144,7% təşkil etməklə dekabr ayında qeydə alınıb.

Belə ki, dekabr ayında 7 milyard 302,8 mln. manat xərc edilmişdir ki, bu da 2023-cü ildə icra olunmuş cəmi dövlət büdcəsi xərclərinin 20%-nə bərabərdir.

Qeyd edilib ki, Ötən il ilk 11 ay üzrə orta aylıq icra göstəricisinə (2650,5 mln. manat) nəzər salsaq, dekabr ayında icra edilmiş xərclərin müvafiq göstəricidən 2,8 dəfə çox olduğunu deyə bilərik.

Dekabr ayında yüksək icraya digər amillərlə yanaşı, il ərzində büdcəyə yenidən baxılaraq xərclərin artırılması və bunun ilin ikinci yarısında həyata keçirilməsi də təsir edir.

Belə ki, dövlət büdcəsi xərclərinin rüblük bölgüsü yenidən aparılmaqla, 3-4-cü rüblər üzrə xərclər 3271,5 mln. manat və ya 6,3% artırılıb.